Türk Dünyası Parlamentarilər Vəqfinin Elmi Şurasının nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində olub və tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Mərkəzin sədri Dr. Yeganə Abbasova ilə Türk Dünyası Parlamentarilər Vəqfinin Elmi Şurasının sədri Prof. Dr. Səlçuk Kılıç arasında imzalanıb.
Görüş çərçivəsində səhiyyə, elm, təhsil və digər əlaqəli sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, birgə elmi tədqiqatların, mütəxəssis mübadiləsinin və müasir elmi layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.
Memorandumun əsas istiqamətlərindən biri milli genomika və biobank infrastrukturunun inkişaf etdirilməsidir. Bu çərçivədə TürkTransplant, HLA və digər genomik tədqiqatların aparılması, qabaqcıl molekulyar diaqnostikanın tətbiqi və fərdiləşdirilmiş səhiyyənin inkişafına xidmət edəcək milli genomik məlumat və biobank infrastrukturunun yaradılması nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində kök hüceyrə laboratoriyasının yaradılmasına, müasir laboratoriya infrastrukturunun formalaşdırılmasına və tədqiqat imkanlarının genişləndirilməsinə də dəstək göstərilməsi planlaşdırılır.
Digər mühüm istiqamət Mərkəzi Core Laboratoriya infrastrukturunun inkişaf etdirilməsidir. Azərbaycanın bütün rayonlarını əhatə edəcək vahid laboratoriya imkanlarının yaradılması, nümunələrin mərkəzi laboratoriyada toplanaraq emal edilməsi müayinələrin daha səmərəli və xərc baxımından optimal təşkili ilə yanaşı, nəticələrin daha qısa müddətdə əldə olunmasına imkan verəcək.
Prof. Dr. Səlçuk Kılıç memorandumun əhəmiyyətindən bəhs edib. O bildirib ki, sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə və elm sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün mühüm zəmin yaradır. Prof. Dr. Səlçuk Kılıç elmi əməkdaşlığın uzunmüddətli tədqiqat əlaqələrinin və ortaq elmi təşəbbüslərin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Dr. Yeganə Abbasova çıxışında memorandum çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin əhəmiyyətini vurğulayıb. Dr. Yeganə Abbasova bildirib ki, əməkdaşlığın əsas hədəflərindən biri əldə olunan elmi potensialın praktik səhiyyəyə tətbiqinə imkan verən davamlı mexanizmlərin formalaşdırılmasıdır.
Mərkəz rəhbəri xüsusilə orqan donorluğu və transplantasiya sahəsində elmi yanaşmaların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
İmzalanan Anlaşma Memorandumu Azərbaycan və Türkiyə arasında səhiyyə və elm sahəsində əməkdaşlığın inkişafı üçün institusional çərçivə yaradır. Sənəd birgə tədqiqatların, mütəxəssis mübadiləsinin və müasir elmi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.